Ermənistanda keçirilən parlament seçkilərində Baş nazir Nikol Paşinyan rəhbərlik etdiyi siyasi qüvvənin qələbə qazanması ölkənin daxili və xarici siyasət kursu ilə bağlı müzakirələri yenidən aktuallaşdırıb. Seçki nəticələri həm Ermənistan cəmiyyətinin mövcud siyasi xəttə münasibətini ortaya qoyub, həm də regionda sülh prosesinin gələcəyi baxımından yeni qiymətləndirmələrə səbəb olub. Ermənistan daxilində revanşist qüvvələrin məğlubiyyəti, Rusiyanın bölgədəki təsir imkanları və Azərbaycan-Ermənistan münasibətlərinin perspektivləri hazırda diqqət mərkəzindədir.
Milli Məclisin deputatı Azər Badamov məsələni Hafta.az-a danışıb.
– Ermənistanda seçkilərin nəticələri nəyi göstərdi? Paşinyanın qələbəsini necə qiymətləndirmək olar?
– Seçkilərin nəticələri göstərdi ki, Ermənistan cəmiyyətinin əhəmiyyətli hissəsi hazırkı mərhələdə Nikol Paşinyanın siyasi kursuna üstünlük verir. Müxalifətin fəal kampaniya aparmasına, revanşist çağırışlarına və hakimiyyətə qarşı sərt tənqidlərinə baxmayaraq, seçicilər mövcud hökumətə yenidən etimad göstərdilər.
Bu nəticə Ermənistan cəmiyyətinin yeni reallıqları qəbul etməsinin və ölkənin gələcəyini davamlı qarşıdurmada deyil, daha çox sabitlik və inkişaf mühitində görmək istəməsinin göstəricisi kimi dəyərləndirilə bilər. Paşinyanın əldə etdiyi qələbə ona həm daxili islahatları davam etdirmək, həm də xarici siyasətdə müəyyən etdiyi kursu irəli aparmaq üçün əlavə siyasi mandat verir.
– Paşinyanın qələbəsi Rusiyanın Ermənistan siyasətinə necə təsir göstərə bilər?
– Son illər Rusiya ilə Ermənistan arasında münasibətlərdə müəyyən gərginlik müşahidə olunurdu. Moskva Ermənistanın Qərblə yaxınlaşmasından narahatlığını müxtəlif formalarda ifadə edib. Bununla belə, seçkilərin nəticələri göstərdi ki, Ermənistan cəmiyyətinin seçimi məhz Paşinyanın rəhbərlik etdiyi siyasi qüvvənin davam etməsi istiqamətində olub.
Hesab edirəm ki, Moskva mövcud reallığı nəzərə alaraq İrəvanla münasibətləri praqmatik əsaslarda davam etdirməyə çalışacaq. Çünki Ermənistan Rusiyanın Cənubi Qafqaz siyasətində mühüm yer tutur. Bu baxımdan tərəflər arasında müəyyən fikir ayrılıqları qalsa da, münasibətlərin tamamilə qırılması ehtimalı real görünmür.
– Revanşist qüvvələrin seçkilərdə uğursuzluğu Ermənistan cəmiyyətinin mövqeyi barədə nə deyir?
– Seçki nəticələri göstərdi ki, revanşist qüvvələr cəmiyyətdə müəyyən dəstəyə malik olsalar da, hakimiyyətə gəlmək üçün kifayət qədər ictimai etimad qazana bilməyiblər. Ermənistan vətəndaşlarının böyük hissəsi ölkənin uzun illər davam edən münaqişələrdən sonra yeni inkişaf mərhələsinə keçməsini istəyir.
Bu baxımdan seçkilər revanşist ritorikanın cəmiyyət tərəfindən geniş dəstək almadığını göstərdi. İnsanlar daha çox iqtisadi inkişaf, sosial rifah və regional sabitlik məsələlərinə üstünlük verirlər.
– Paşinyanın yenidən hakimiyyətdə qalması Azərbaycan-Ermənistan münasibətlərinə və sülh prosesinə necə təsir edə bilər?
– Paşinyanın qələbəsi Azərbaycan və Ermənistan arasında aparılan sülh danışıqlarının davam etdirilməsi baxımından müəyyən müsbət imkanlar yaradır. Çünki mövcud hökumət indiyədək regionda kommunikasiyaların açılması, iqtisadi əməkdaşlıq və münasibətlərin normallaşdırılması istiqamətində mesajlar verib. Əlbəttə, yekun sülh sazişinin imzalanması üçün Ermənistanın üzərinə düşən öhdəliklər var və bu məsələlər praktik addımlarla təsdiqlənməlidir. Lakin seçkilərdən sonra siyasi qeyri-müəyyənliyin azalması danışıqlar prosesinə əlavə dinamika gətirə bilər.
Azərbaycan-Ermənistan münasibətlərinin gələcəyi ilk növbədə sülh prosesinin davamlılığından asılıdır. Ermənistan cəmiyyətinin verdiyi mandat mövcud siyasi kursun davamına yönəlib. Bu isə regionda təhlükəsizlik, iqtisadi əməkdaşlıq və nəqliyyat-kommunikasiya layihələrinin inkişafı baxımından yeni imkanlar yarada bilər.